GündəmJul 01

Rəngli inqilablar var idi... - NOOLDU?

ABŞ-da Co Bayden hakimiyyətə gələn kimi Rusiyada, Türkiyədə və digər bir neçə ölkədə rəngli inqilabların vüsət alacağı proqnozları verilirdi. Amma Baydenin prezidentlər Ərdoğan və Putinlə iyunun ortalarında keçirdiyi təkbətək görüşlər tamam başqa perspektiv vəd edir.

ABŞ-dan yayılan “qızılgül”, “məxməri”, “narıncı” və s. inqilablar, “Ərəb baharı” adlandırılan projelər geridəmi qaldı? Rəngli inqilablar, məxməri iqtidar dəyişiklikləri, demokratik hərəkat anlayışları tarixmi oldu? Amerika bu cür projeləri həyata keçirmək istədiyi avtoritar ölkələrlə anlaşma dövrünəmi girdi?

ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, məxməri inqilablar tarix olmayıb, tamamilə gündəmdən çıxarılmayıb. Bu proses bir müddət sonra yenidən müşahidə oluna bilər: “Nə baş verməsindən asılı olmayaraq inqilabların təkrarlanmayacağını söyləmək düzgün olmazdı”.

Elçibəy İnstitutunun rəhbəri, siyasi ekspert Oqtay Qasımov isə bildirdi ki, rəngli, məxməri inqilablar əslində hər hansı ölkədə hakimiyyət dəyişikliyinə qoyulan ad kimi dəyərləndirilə bilər: “İkinci Dünya müharibəsindən sonra ikiqütblü dünya var idi. Bir qütbün başında ABŞ, o biri qütbdə isə SSRİ dayanırdı. Onlar öz maraq dairələrində olan bölgələrdə hansısa ölkədə hakimiyyət dəyişikliyini həyata keçirmək üçün bu və ya digər vasitələrdən istifadə edirdilər. Bu, silahlı hərbi çevriliş yolu ilə də, dinc demokratik hərəkat yolu ilə də həyata keçirilə bilirdi. 1970-ci illərdə demokratik hərəkatlar vasitəsilə avtoritar rejimlərin dəyişməsi prosesi Avropadan başladı və o zaman Amerikanın da dəstəklədiyi bu proses Portuqaliyadan, Yunanıstandan başlayaraq orada olan hərbi diktaturanın devrilməsi ilə nəticələnmişdi. Bundan sonra dünyada başlanan prosesə ”demokratik dalğa" adı verildi. 1980-ci illərin sonlarından başlayaraq keçmiş sovet blokuna daxil olan Şərqi Avropa ölkələrində, o cümlədən SSRİ daxilində demokratik hərəkat vüsət aldı və bu, Şərqi Avropa dövlətlərinin SSRİ-nin nüfuz dairəsindən çıxması ilə nəticələndi, eyni zamanda bu ölkələri öz nüfuz dairəsində saxlamaq vasitəsi olan Varşava müqaviləsinin dağılması ilə, o cümlədən SSRİ-nin tərkibinə daxil olan 15 respublikanın azad olması ilə nəticələndi. Bütün bu proses ABŞ-ın, Qərb dünyasının da müəyyən dəstəyi ilə həyata keçirildi və dünyada mövcud olan ikiqütblü sistem dağıldı, təkqütblü dünya formalaşdı. Nəhayət, 2003-cü ildə Gürcüstandan başlayan məxməri inqilablar dövrü hakimiyyətin dəyişməsi ilə nəticələndi. Bunun ardınca 2004-cü ildə Ukraynada narıncı inqilab baş verdi və hakimiyyət dəyişdi. 2008-ci ilin sonundan başlayaraq artıq ABŞ Şimali Afrika, Yaxın Şərq və Orta Şərqdə prosesləri nəzarət altına almaq, orada özünə sərf eləməyən hakimiyyətlərin dəyişdirilməsi üçün “ərəb baharı” adı ilə bir proses başlatdı. Bu da Tunisdə, Liviyada, Misirdə hakimiyyət dəyişikliklərinə gətirib çıxardı. Suriyada isə başladılan proses 10 ildən artıq davam eləyən və yarım milyona qədər insanın qətlə yetirildiyi bir vətəndaş müharibəsi ilə nəticələndi. Bu vətəndaş müharibəsi “ərəb baharı” prosesinə zərbə vurdu və bir qırılma nöqtəsi rolunu oynadı.

Belə düşüncələr, proqnozlar var idi ki, Co Bayden hakimiyyətə gələndən sonra Türkiyə və Rusiyaya qarşı daha sərt siyasət yürüdüləcək və müxtəlif ölkələrdə rəngli inqilablar dövrü yenidən başlayacaq. Hətta konkret fikirlər də var idi ki, Bayden Türkiyədə və Rusiyada bu prosesi başladacaq. Amma indi görünən odur ki, Amerikanın bu gün prioritetləri arasında daha ciddi məsələ Çinlə bağlıdır. Ona görə də Rusiya və Türkiyə ilə bağlı müəyyən yumşalma kimi görünən xətt müşahidə olunur".

Ekspert hesab edir ki, rəngli inqilablar ssenarisi hələlik kənara qoyulmuş kimi görünür. Ancaq ABŞ-ın Rusiya ilə aralarında olan problemlər qalır və bu problemlər bir görüşlə həll olunan məsələlər deyil: “Burada qlobal maraqların toqquşması gedir. Amerikanın Rusiyaya qarşı təzyiqləri bundan sonra da davam edəcək. Amerikanın əsas rəqibi Çindir.

Bizim regionumuzla, xüsusilə Türkiyə və Rusiya ilə bağlı inqilablar ssenarisi hazırda gündəmdən çıxmış kimi görünür. Lakin bu o demək deyil ki, uzun müddət gündəmdə olmayacaq. Qlobal güclərin maraqları tələb edəndə rəngli inqilablar projesi yenidən aktuallaşdırıla bilər".
“Yeni Müsavat”

Bənzər xəbərlər

Gündəm