TənqidJun 03

Masallı: Bəxti “yatan” və bəxti “açılan” uşaq bağçaları - ARAŞDIRMA

Bu günlərdə Masallı şəhərinin mərkəzində, daha dəqiq desək, icra hakimiyyəti binasının qərbində, icra başçılarının qalması üçün nəzərdə tutulan evin cənubunda yerləşən, təxminən 30 il əvvəl tikilmiş, hazırda bərbad gündə olan 140 yerlik şəhər 4 saylı Uşaq Bağçası tam sökülərək yerində yeni uşaq bağçasının inşasına start verilib. Yenə də təşəbbüskar H. Əliyev Fonunun, dəstəkçisi isə millət vəkili Məşhur Məmmmədovun olduğu bildirilir.

Son vaxtlar Masallı şəhər 1 saylı, eləcə də Səmidxan kəndinin ləğv edilmiş uşaq bağçası üçün yeni binanın tikilməsi, Ərkivan qəsəbəsində yeni uşaq bağçasının təməlinin qoyulması xəbərlərini yan-yana qoysaq, maraqlı və xoş mənzərə alınar.

Bütün bunlarla yanaşı uşaq bağçalarının olduqca ciddi, ilk baxışda adi görünən və görünməyən bəlaları var.

Birincisi, yeni uşaq bağçaları tikilsə də, onlar heç biri üçün nə yeni qrup, nə yeni bir ştat, qısası, dövlətdən heç bir vəsait alına bilinmir.

Bu və buna bənzər bağça bəlaları haqqında bir qədər sonra ətraflı məlumat verəcəyik. İndi isə qısa da olsa, Masanın bağça tarixindən söz açmaq istəyirəm.

230 min əhalisi olan Masallı ölkə üzrə məktəbəqədər yaşlı uşaqların bağçalara cəlb olunmasına görə (hər min nəfərə görə) ölkədə sonuncu yerlərdən birini tutur.

Təkcə 1990-2010-ci illərdə Masallıda 10-a yaxın Uşaq bağçası bağlanıb..

140 yerlik Böyük Xocavar,

90 yerlik Qarğalıq,

90 yerlik Səmidxan,

90 yerlik Yeddioymaq,

50 yerlik Boradigah, Türkoba, Şatıroba, Xıl, Musaküçə və sairə.

Bundan əlavə bir neçə uşaq bağçasında qrupların sayı azaldılıb, yeni tikilən uşaq bağçasının (Qızılavar kəndində) təyinatı dəyişdirilib.

Təsəvvür edin, Digahdan Güllüpəyə kimi (Banbaş, Xocavar, Yeyənkənd, Köhnə Alvadı, Güllütp, Tətyan, Zuvand, Yelağac... 35 minə yaxın əhalini əhatə edən 10-ya yaxın kənd) ərazidə bir hökumət uşaq bağçası belə yoxdur.

Sonralar bu boşluğu doldurmaq çox çətin oldu. Bir sıra yerlərdə köhnə bağçalar təmir olunsa da (Göyəçöl, Sərçuvar, Şəhər 2 saylı, Mahmudavar və s.) təkcə bir kənddə - Böyük Kolatan kəndində 2018-ci ildə yeni uşaq bağçası açıldı.

İndi isə bağçaların bu gününə nəzər salaq

Səmidxan kəndində 100 yerlik uşaq bağçası tikilib, lakin ştat və vəsait alına bilmədiyi üçün 1 ildir istifadəyə verilə bilmir. Masallı şəhərinin mərkəzində 1 saylı uşaq bağçası üçün 100 yerlik bina tikilib. (Həmin bağça 40 yerlikdir) lakin əlavə 2 qrup alına bilmədiyi üçün, qalıb Allah ümidinə. Hələlik 4 saylı bağçanın bir neçə qrupunu bura yerləşdiriblər. Ərkivan qəsəbəsində də hazırda 40 yerlik uşaq bağçası üçün 100 yerlik bina tikilir, lakin əlavə yaranacaq qruplar üçün vəsait almaq elə də asan olmayacaq.

Boradigah, Yeddioymaq, Köçəkli və sair ərazilərdə də uşaq bağçası tikmək planları var, amma vəsait almaq imkanlarında işıq görünmür.

Niyə?

Çünki 100 yerlik Uşaq Bağçasını tikmək 80-100 min manata başa gəlsə də, 100 yerlik uşaq bağçası üçün əmək haqqı, ərzaq, təsərrüfat xərcləri hər il üçün 150-200 min manat vəsait tələb edir. Ona görə, bu işin altına kimsə girmək istəmir.

Hazırda rayonun Boradigah qəsəbə, Xıl, Təzəkənd, Qarğalıq, Türkoba, Şatıroba, Lürən, Qodman, Köhnə Alvadı, Banbaşı, Güllütəpə, Təklə, Çaxırlı, Musaküçə, Qodman, Qəriblər, Sığdaş... qısası 20-dən artıq ərazisində uşaq bağçası yoxdur.
Heç mövcud imkanlardan da düzgün istifadə olunmur.

Məsələn, Göyəçöl kəndində 140 yerlik uşaq bağçası tam təmir olunsa da, yarıdan çoxu boş qalıb. Təmirli bina istifadəsiz qaldığı üçün taxtalar da çürüyür. (140 yerlik bu bağçada hazırda 40 uşaq tərbiyə alır). Lakin əhalisi 2 dəfə ondan çox olan Xıl kəndində uşaq bağçası yoxdur. Halbu ki, yuxarıdakılar bir az baş işlətsə, bir mikroavtobus alıb, hər gün Xıldan Göyəçəldəki hazır bağçaya kifayət qədər uşaq gətirə bilərlər.

Yuxarıdan və aşağıdan gələn nöqsanlar

Ölkədə ən az əmək haqqı alan qrup uşaq bağçası müdirləridir. Ali təhsilli, 30-40 ildən artıq stajı olan uşaq bağça müdirləri ən yaxşı halda digər ödəmələr çıxılandan sonra 330 manat pul alır.

Masallıda 17 uşaq bağçasının 7-si 2 qrupludur. 2 qruplu uşaq bağçasında isə təsərrüfat müdiri, metodist olmur, qruplara 3 ştat əvəzinə 2 ştat tərbiyəçi verilir. (Yəni, uşaq bağçasında iş rejimi 9 saat olduğu üçün, hər tərbiyəçi də 6 saat işləməli olduğundan, saat 2-dən sonra bağçada tərbiyəçi olmur). Bağçada telefon yox, smetada telefon pulu salınır, ezamiyyə yox, ezamiyyə pulu salınır.

Uşaq bağçasına tabeçilik biabırçı formadadır

Bağçanın

həmkarları təhsilə,

ərzağı ərzaq tədarükü idarəsinə,

dəftərxanası ərazi nümayəndəsinə,

kadr işi icra hakimiyyətinə baxır.

Bu qurumların hansında metodist var ki, uşaq bağçasına nəsə öyrətsin. Heç kim öyrətmir, hamı “xox” gəlir.

Bunların bir çoxu yuxarıdan gələn nöqsanlardır. Bəs “aşağılar?”

Bəs “aşağılar” uşaq bağçaları ilə işini necə qurub?

Hazırda yerli icra başçılarının səlahiyyətləri kifayət qədər azaldılıb. Çoxlu regional idarələr yaradılıb. Bundan əlavə icraya məhkəmədən şikayət edirsən, deyir “mənlik deyil”, polisdən şikayət edirsən “mənlik deyil”, vergidən şikayət edirsən “mənlik deyi” və sair və ilaxır.

Bəs nələr icra hakimiyyətlikdir?

“Kommunxoz” və uşaq bağçalarından başqa birbaşa əmr edəcəyi adamlar qalmayıb. Buna görə də, az qala icra hakimiyyətinin işçiləri çardaq qurub gedib bu qurumların həyətində qalalar. Bunların əksəriyyətinin tapşırıq vermək bacarığının aşağı səviyyədə olduğunu nəzərə alsaq, mənzərə daha da aydınlaşar.

Təsəvvür edin ki, il yarımdır (düzdür bunun 10 ayı pandemiya dövrünə düşüb. Amma ötən ilin yanvar, fevral, bu ilin də fevral, mart, aprel aylarında, qış aylarında bağça işləyib) Masallıda uşaq bağçaları nə odun pulu alır, nə təsərrüfat, nə də dəftərxana. Uşaq bağçası ev kimi bir şeydir. Əl-üz yuyan, unitaz xarab olub. 40 – 80 uşağın təmizliyin nə ilə edəsən? Onlarla otağı necə qızdırasan? Adi sabuna, yuyucu toza, spirtə... ayda 70-80 manatı, 300 manatlıq əmək haqqıdan necə verəsən?

Hamısı da qadındır. İki gündən bir icraya, digər tədbirlərə çağırırlar. Hansı pulla gəlsinlər?

İcra hakimiyyəti belə məsələləri həll etmək əvəzinə, gedib uşaq bağçalarında yumurtanı, kartof soğanı sayırlar.

Son 10 ildə hansı uşaq bağça müdirinə və tərbiyəçisinə hər hansı mükafat və təltif verildiyi yada gəlmir. Hamı bağçalara “xox” gəlir. Elə gülünc tapşırıqlar verirlər ki... Məsələn, hər gün bağçada olan uşaqların şəklini çəkib bizə yollayın?

Sual edirik? Masallının Tatyan meşəsində 150 (!) hektar qoz əkilmişdi. Məhv edildi. Təsadüfən onların şəkli sizə lazım deyil?

“Kommunxoz”da 600 nəfərdən çoxunun adı gedir, deyilənə görə, ortada heç yarısı yoxdur. Kim bir az, solaxay danışır, cibindən 2-3 kart çıxır. Onların siyahısı sizə lazım deyil?

Bir statsusda yazdığım kimi “diş” düzldəndən “şiş” düzəldənə kimi, cadu-pitik “istehsal” edənlərə kimi hamıya "tas" qoyulub. Bunların şəkli sizə lazım deyil?

Daha trollardan-mrollardan danışıb, çox vaxt almaq istəmirəm.

Söhbətin yekununda bir daha vurğulamaq istəyirəm ki, uşaq bağçası tikmək, balalarımıza qayğı göstərmək olduqca nəcib və xeyirxah işdir. Amma reallıqları da unutmayaq. Uşaq bağçalarının, - onların texniki xərclərinin, əmək haqlarına qədər, bu stuukturda olan qüsurlaraq qədər hər şeyə hərtərəfli nəzər salaq.

Bağçalar barədə öncəki yazının linki burda: https://cenub.az/4768-vdeolar-ka-yen-uaq-olaydm-yaxud-bir-d-uaq-olmaq-istmirm-zahir-mnovun-tqdimatnda.html

Cenub.az. Zahir Əmənov

Bənzər xəbərlər

Gündəm