VideoMay 19

Ucar avtovağzalı niyə işləmir? - REPORTAJ

Ucar sakinləri uzun müddətdir işləməyən rayon avtovağzalının fəaliyyətinin bərpa olunmasını istəyir.

APA TV-nin yerli bürosunun məlumatına görə, bir qrup vətəndaş, o cümlədən taksi xidməti ilə məşğul olan sürücülər fəaliyyəti dayandırılmış avtovağzalın bərpa olunması istəyi ilə toplantı keçirib.

Bakı-Qazax magistral yolunun 241-ci kilometrliyində yerləşən, sərnişin və sürücülərin hər bir tələbatını ödəyən və hər cür şəraiti olan avtovağzal beş-altı ildir ki, fəaliyyət göstərmir. Bu səbəbdən məcburiyyət qarşısında qalan sürücülər də, sərnişinlər də avtovağzaldan cəmi 300 metr aralıda magistral yolun kənarından dayanacaq kimi istifadə edirlər.

Taksi xidməti ilə məşğul olan Səbuhi Zeynalov deyir ki, dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, avtovağzalın fəaliyyəti bu günədək bərpa olunmayıb: “Gül kimi avtovağzalımız var. Hər bir şəraiti var. Xahiş edirik köməklik olunsun, avtovağzal bərpa edilsin”.

65 yaşlı rayon sakini Səlim Məcidovun sözlərinə görə, avtovağzal işləmədiyindən lazımi ünvana getmək üçün məcbur olub yol kənarında maşın gözləməli olur: “Bura gəlmək üçün də keçiddən keçməli oluram. 65 yaşım var, keçidə qalxa bilmirəm. Müvafiq orqanlardan xahiş edirəm, avtovağzal bərpa olunsun”.

Bakı şəhərinə getmək istəyən sərnişin İslam Rzayev da avtovağzalın işləməməsindən şikayətçidir: “Gül kimi avtovağzalımız ola-ola gəlib dayanmışıq burda. Azərbaycanda ikinci yerdədir avtovağzalımız. Şərait də var. Bir dənə geri dönməyə görə Bakı taksiləri girə bilmirlər ora. Əlacımız kəsilib, gəlib durmuşuq burda”.

Şikayətçi Bəxtiyar Kərimov isə qeyd edib ki, avtovağzalın fəaliyyət göstərməməsinə əsas səbəb əsas magistral yoldan giriş-çıxışın çətin olmasıdır.

Məsələyə münasibət bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiriNuridə Allahyarova deyib ki, 2020-ci ilin mart ayından etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə şəhərlərarası və rayonlararası sərnişindaşımaları qadağan olunub, elə buna görə də respublikanın 56 avtovağzal və avtostansiya kompleksinin heç birində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar xidmət etmir: “Qeyd edim ki, ümumiyyətlə, avtovağzal komplekslərindən, avtovağzallardan kənarda rayonlara və şəhərlərə sərnişin daşıyan sürücülər sərnişindaşıma ilə məşğul olan qeyri-qanuni daşımaları icra edən sürücülərdir. Onlar aidiyyəti dövlət qurumundan heç bir fərqlənmə nişanı almadan, standartlara uyğun olmayan avtonəqliyyat vasitələri ilə xidmət göstərirlər. Aidiyyəti orqanlara bununla bağlı məlumat daxil olduqca, həmin halların qarşısı alınır. Müraciətdə adı çəkilən taksi xidməti ilə məşğul olan şəxs Səbuhi Zeynalov həmin avtovağzalın bir neçə aya yaxındır ki, yeni icarədarıdır. Ancaq təkrar bildirim ki, avtovağzalların fəaliyyəti ötən ilin mart ayından dayandırılıb”.

Magistral yolda olan beton yolayrıcında avtovağzala əks istiqamətdə girişin təşkil edilməsi məsələsinə gəldikdə isə, Nuridə Allahyarova qeyd edib ki, bu məsələ başqa qurumların səlahiyyətindədir.




 

Bənzər xəbərlər

Gündəm