TənqidMar 13

Kərəm Həsənov İTTİHAM OLUNUR

Bakı şəhər Xəzər rayon sakini Kərimov Səid Yusif oğlu dövlət tərəfindən ona kompensasiya şəklində ödənilməli olan 16 milyon manatın Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənimsənildiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən S. Kərimov bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən, Xəzər rayonunun Qala qəsəbəsində yerləşən, onun da səhmdarı olduğu "Qala Sınaq Təcrübə Bazası” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazi plana düşüb. O iddia edir ki, H. Əliyev prospekti – Hava limanı - Mərdəkan yolunun təmir və tikintisi zamanı plana düşən zavodun söküntüsü üçün dövlət tərəfindən ayrılan kompensasiyadan səhmdarlara heç bir vəsait ödənilməyib:
"2000-ci ildə "Qala STB” ASC özəlləşdirməyə getdi. Səhmlər isə səhmdarlar arasında paylandı. Mənim də 15 faiz səhmim var. Bu müəssisə müəyyən müddətdən sonra yol tikintisi ərazisinə düşdüyünə görə sökülmüşdü. Söküntüyə görə bu müəssisəyə kompensasiya ayrılmışdı. Kompensasiyanın məbləği təxminən 107-110 milyon aralığında olub. Bu kompensasiya səhmdarlara ödənilməyib. Əmlak Məsələləri Dövlət Komitəsində şəxsən Şahbazov Rüstəm və Kərəm Həsənov tərəfindən saxta məktub verilərək "Azəryolservis” ASC-ə göndərilib. "Azəryolservis”də bu işlə məşğul olan Faiq Məmmədov tərəfindən iki dəfə pul köçürülmüşdür. Hara köçürülüb? Məlum deyil. Ancaq səhmdarlara pul çatmayıb. Belə məlum olur ki, burada korrupsiya şübhəsi var. Bu pul Kərəm Həsənov, Rüstəm Şahbazov, Faiq Məmmədov və onun bacanağı Yunis Abbasov tərəfindən mənimsənilmişdir. 2011-ci ildən yazdığım şikayət məktublarına heç bir reaksiya verilməyib. Nə şəhər, nə də respublika prokurorluğu tərəfindən bu işə baxılmayıb. Yəqin ki, burada maddi maraq olduğuna görə bu cinayətin üstünü ört-basdır ediblər. Mənə çatacaq kompensasiyanın məbləği 16 milyon manatdır”.
S. Kərimov bildirir ki, "Qala STB” ASC-nin payçısı olduğunu sübut edən qiymətli kağız sertifikatı da hazırda onun özündədir. O, həmin sertifikatın payçıya ödənilən kompensasiya müqabilində qarşı tərəfə verilməli olduğunu, lakin ona heç bir kompensasiya ödənilmədiyi üçün sənədin hələ də onda olduğunu bildirib.
S. Kərimov həmin sertifikatı və bu müddət ərzində müxtəlif dövlət qurumlarına, eləcə də Prezident İlham Əliyevə ünvanladığı müraciətləri redaksiyamıza təqdim edib.

Kərəm Həsənov İTTİHAM OLUNUR

Sözügedən iddialarla bağlı qurumların tələbi əsasında araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinə, "Azəryolservis” ASC-nin hüquqi varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Baş Prokurorluğa və Maliyyə Nazirliyinə müraciətlər ünvanladıq.

Bənzər xəbərlər

Gündəm