GündəmFeb 02

“İmkan vermək olmaz ki, kim istəyirsə 100, 500 hektar torpaq alıb çəpərləsin”

“Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz”.

“Dədə Qorqud”dakı bu sitatı işğaldan azad edilmiş ərazilərimizə aid edəriksə, indiki mərhələ həmin ərazilərdə səmərəli idaeətmə mexanizminin yaranmasının daha vacibliyi ortaya çıxmış olur. Belə ki, həmin ərazilərdə indidən elə bir idarəetmə mexanizmi qurulmalıdır ki, şanlı ordumuzun göstərdiyi şücaət və bunun üçün verilmiş düzgün siyasi qərarın nəticəsində Azərbaycana qaytarılan, iqtisadi cəhətdən ölkəmizə böyük səmərə gətirəcəyi gözlənilən torpaqlar qanunsuz mənimsəmələrə yem olmasın.

Azərbaycanın digər ərazilərində olduğu kimi hasarlanaraq, kimlərinsə “caynağına” keçməsin, orada əhalinin məskunlaşması ədalət prinsipinə uyğun aparılsın. Prezident İlham Əliyev son çıxışından da məlum olur ki, artıq indidən həmin ərazilərə sahiblənmək niyyətində olanların sayı çoxdur:

“Artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma bunlar hamısı cəzalandırılmalıdır, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun”.

Prezident eyni zamanda bildirib ki, bütün ərazilər planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq”.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə müvəqqəti idarəetmə strukturları yaradılıb. Hesab olunur ki, həmin strukturlar səmərəli və operativ idarəetmənin həyata keçirilməsində, neqativ halların qarşısının alınmasında önəmli rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları və eləcə də Konstitutsiyanın digər maddələrinə müvafiq olaraq bələdiyyələr formalaşdırılacaq: “Yerlərdə idarəetməni bu orqanlar öz kompitensiyaları daxilində yerinə yetirəcəklər. Amma indi orada əhali, məskunlaşma, infrastruktur olmadığı üçün həmin qurumlar əvvəlki qaydada məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları yerlərdə fəaliyyətlərini davam etdirirlər. Bu ərazilərdə isə müvəqqəti idaretmə strukturları yaradılıb ki, bu strukturlar Prezidentin də öz çıxışı zamanı vurğuladığı məsələləri həll etsin. Məlumdur ki, daha əvvəl Prezident həmin ərazilərdə komendantlıqların yaradılması barədə sərəncam vermişdi. Komendantlıq da orada hərbi qənimət kimi ələ keçirilən avadanlıqların, silah-sursatın invertizasiyasını və digər məsələləri həll etməli idi. Müvəqətti idarəetmə strukturunun da əsas missiyası odur ki, bundan sonra orada hər hansı fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı Prezidentlə, administrasiya ilə mütəmadi əlaqə saxlanılsın və bir növ koordinasiya funksiyasını həyata keçirsin”.

Sahib Məmmədov bildirib ki, bu məsələdə Prezidentin xəbərdarlığı öz rolunu oynamalıdır: “Burada təkcə Şuşa şəhərindən söhbət getmir. Orada torpaq islahatları həyata keçirilməyib. Məlumdur ki, Azərbaycanda 90-cı illərdə torpaq islahatları həyata keçirilib, kolxoz və sovxozların istifadəsində olan torpaqlar pay şəklində bölüşdürülüb. Bu islahatlar həmin dövr üçün uyğun olsa da, indi uyğun olmaya bilər. Hər halda orada torpaq islahatları həyata keçirilməlidir və bu islahat həyata keçirilənə qədər imkan vermək olmaz ki, kim istəyir gedib orda 100, 500 hektar torpaq alıb çəpərləsin. Ona görə də bu məsələlər tənzimlənməlidir. Əhali məskunlaşandan, insanların torpaq üzərində mülkiyyət hüququ yaranandan sonra torpaqların mülki qanunvericiliyə uyğun olaraq alınıb-satılması baş verə bilər. Əgər qarşısı indidən alınmasa dövlətə, bələdiyyələrə, meşə fonduna məxsus olan torpaqların mənimsənilməsi baş verə bilər”.

Bənzər xəbərlər

Gündəm