XəbərAug 30

Əlilin pensiyasını qanunsuz şəkildə ləğv ediblər-ŞİKAYƏT

“Hörmətli redaksiya! Son dövrlərdə cənab Prezidentin az qala hər çıxışında, hər müşavirədə vətəndaş-məmur münasibətləri barədə toxunduğu məqamlar, tövsiyə və tapşırıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən kobud şəkildə pozulur. ƏƏSMN bunu qarşısına məqsəd qoyub sanki”.

Azerinfo.tv-nin redaksiyasına ünvanlanan şikayət məktubunda bu fikirləri Yeganə Qeno qızı Quliyeva bildirib. Atası Qeno Əli oğlu Quliyevin əlillik pensiyasının qanunsuz şəkildə ləğv edildiyindən şikayətçi olan Y.Quliyeva konkret olaraq ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən narazılığını bildirir. O, məsələ ilə bağlı qurumu laqeydlikdə və qanunsuzluqda ittiham edir:

“Atam – Xızı rayon sakini, 05.10.1958-ci il təvəllüdlü Qeno Əli oğlu Quliyevin əlillik vəziyyəti 21.02.2019-cu ildə səhiyyə müəssisəsinin 0331003AABKU nömrəli göndərişi ilə təsdiq olunub. Lakin 24.01.2020-ci ildə nəzarət qaydasında əyani müayinə adı altında (bu, formallıq daşıyır, çünki heç bir tibbi tədbir görülməyib) sadəcə ad-soyad soruşulmaqla əlil olmaması barədə rəy verilib”.

Mövcud durumdan narazı qaldığını bildirən şikayətçi qeyd edir ki, atasının əlilliyi ilə əlaqədar tələb olunan sənədləri hazırlayıb Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim etsə də, qurum tərəfindən əlillik pensiyasının yenidən verilməsinə əngəllər yaradılıb. Y.Quliyeva qeyd edir ki, məsələ ilə bağlı TSER Xidmətinin rəisi Cavid Əbdülqədirova müraciət etməsinə baxmayaraq, problem öz həllini tapmayıb. Şikayətçi onu da bildirir ki, o, əslində 21.02.2019-cu ildə atasına təyin olunan əlillik pensiyasını da uzun sürən mücadilədən sonra təsdiq etdirə bilib. Onun sözlərinə görə, atası epilepsiya xəstəsi olduğu halda, TSEK müxtəlif bəhanələrlə əllilliyi təsdiq etməkdən imtina edirmiş. Nəhayətdə isə o, Xızı rayon xəstəxanasını məhkəməyə verməklə məsələnin müsbət həllinə nail olub: “Məhkəmə başlamadan TSEK-dən zəng gəldi ki, iş təmin olundu və beləcə proses bağlandı”.

TSEK əməkdaşı Mətanət xanım tərəfindən qurumun Əsasnaməsinin müvafiq bəndinin kobud şəkildə pozulduğunu deyən Y.Quliyeva əlavə edir ki, o, tələb olunan bütün sənədləri təqdim etdiyi halda, müavinətin dayandırılması üçün əsas göstərilən məktubda hansısa sənədin olmaması qeyd edilir və elə bu bəhanə ilə də qurum saxtakarlığa yol verir. Şikayətçi bildirir ki, “atamı guya müayinə edən həkim Oruc Məmmədov da qeyd edir ki, mənim rəyim Quran ayəsi deyil, mən yazıb gedirəm. Mətanət xanım isə onu istədiyi kimi dəyişir”.

Y.Quliyeva məktubunda onu da bildirir ki, məsələ ilə bağlı aylardır müraciət etdiyi ƏƏSMN-dən də əsaslı cavab ala bilməyib. Əksinə, qurumun Facebook səhifəsinin mesaj bölümü də onun üzünə bağlanıb. “Məgər bunun əksini etmək olmazmı? Yəni ifadələrimdə yalan varsa, təkzib edib əsaslı arqument gətirmək olmazmı?” deyə sual edən şikayətçi 142 çağrı mərkəzində qeydə alınan müraciətinin də cavabsız qaldığını deyir.

Y.Quliyeva əmək və əhalinin sosial müdafiəsi nazirinin qəbuluna yazılmaq üçün rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq, qəbula yazıla bilmədiyini də dilə gətirir.

Məsələ ilə bağlı qurumun da mövqeyini işıqlandırmağa hazırıq.

Əlilin pensiyasını qanunsuz şəkildə ləğv ediblər-ŞİKAYƏT

Bənzər xəbərlər

Gündəm