GündəmAug 15

Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu - TƏHLİL

Bir neçə gün öncə işğalçı Ermənistan ordusunun əsgəri Aro Kazaryanın ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçməsi haqda məlumat verilib. Bildirilir ki, erməni hərbçisinin fərariliyinin səbəbi xidmət keçdiyi hissədə ona qarşı dözülməz münasibət olub və o da işgəncələrə tab gətirməyərək Azərbaycan tərəfə keçib. Bunu onun bədənindəki zorakılıq izlərindən də asanca görmək olardı. Bu fakt bir daha düşmən tərəfin silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət haqda real təsəvvür yaradır. 

Sözsüz ki, daxilində başıpozuqluğun baş alıb getdiyi belə bir ordu torpaqlarımızı sonsuzadək işğal altında saxlaya bilməz. Enində-sonunda bu “çağırılmamış qonaqlar” Azərbaycanın qanuni torpaqlarından rədd olub gedəcək - ya xoşluqla, yəni danışıqlar nəticəsində, ya da onlar zor gücünə ərazimizdən vurulub çıxarılacaq. Ermənistanın populist baş naziri Nikol Paşinyan Xankəndidə “miatsum”dan dəm vursa da.

Yeri gəlmişkən, erməni əsgərin fərariliyi Nikol Paşinyanın özündən razı açıqlamasından cəmi bir neçə gün sonraya təsadüf edir və faktiki surətdə işğalçı ölkənin baş nazirinin avantürist bəyanatlarını sıfırlayır. Bu fakt əslində Dağlıq Qarabağla bağlı düşmən ölkə rəhbərliyinin aylardır sərgilədiyi davakar ritorikanın fiaskosudur. Hər halda Ermənistan rəsmiləri Qarabağ mövzusunda mənasız və maksimalist bəyanatlar səsləndirməkdənsə, ordudakı real durumundan danışsalar, daha məntiqli olar...

*****

Nikol Paşinyanın “miatsum” sərsəmləməsi xarici siyasi təhlilçilər tərəfindən də sülhə xidmət etməyən gediş kimi qiymətləndirilməkdədir. O sırada tanınmış amerikalı sabiq diplomat, Vaşinqtondakı “Atlantic Council” (“Atlantika Şurası”) Analitik Mərkəzinin Avrasiya bölümünün direktori Con Herbestə görə, erməni baş nazirin həmin açıqlaması sırf daxili auditoriyaya hesablanıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni portalına müsahibəsində bildirib.

Politoloq İrəvanın “miatsum”, yoxsa “müstəqillik” ideyasına üstünlük verməli olması ilə bağlı erməni jurnalistin sualına cavabında deyib: “ABŞ-ın Dağlıq Qarabağ məsələsində mövqeyi belədir ki, Vaşinqton bir yandan bəyan edib ki, Azərbaycan da daxil, keçmiş sovet respublikaların ərazi bütövlüyünü tanıyır, digər yandan isə Dağlıq Qarabağda böyük sayda erməni əhalinin mövcudluğunu qəbul edir. Sizin (ermənilərin - ”YM") probleminiz ondadır ki, SSRİ dağılanda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Ermənistan son 30 ildə, təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı inadlı mövqeyi ucbatından özünü təcrid edib. Bu mövqe açıq-aşkar həm Azərbaycan-Ermənistan münasibətlərini qəlizləşdirib, həm də Ermənistanla onun ən qüdrətli qonşusu olan Türkiyə ilə problemin nizamlanmasını daha da qəlizə salıb".

Sözünə davam edən analitik deyib: “Ermənistanın Dağlıq Qarabağ problemi üzərində çalışan prezidenti olub. Ancaq o, bu səylərində xalqın dəstəyini ala bilməyib. Yəqin anladınız kimdən söhbət gedir. Mən Levon Ter-Petrosyanı nəzərdə tuturam. Ola bilsin ki, sizin Nikol Paşinyanın daxili siyasəti və daxili islahatlarından dolayı pozitiv gözləntiniz və pozitiv fikriniz var. Ancaq mən əmin deyiləm ki, Qarabağ məsələsində sərt mövqe Ermənistan üçün ən yaxşı variantdır”.

Erməni jurnalistin “Bəs Ermənistan üçün hansı siyasət və ya variant daha yaxşıdır” sualını amerikalı ekspert belə cavablandırıb: “Fikrimcə, Dağlıq Qarabağ problemi İrəvanın və ya Bakının birtərəfli bəyanatları ilə yox, Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə həllini tapmalıdır”.

Qeyd edək ki, bu arada Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Paşinyanın məlum açıqlamasına münasibət bildirərkən deyib ki, Dağlıq Qarabağın yekun statusu Bakı və İrəvan arasında danışıq yolu ilə müəyyən olunmalıdır. Con Herberst də bu yanaşmanı bölüşür. “Yekun qərarı Bakı və İrəvan danışıqlar prosesində verməlidir. Hamı bilir ki, danışıqlar aparılır. Rusiya, ABŞ və başqa ölkələr bu prosesdə iştirak edir ki, nəticə əldə olunmasına kömək eləsinlər. Əlbəttə, aydındır ki, son 25-30 ildə bu proses elə də uğurlu olmayıb. İstənilən halda yaxşıdır ki, dinc danışıqlar prosesinin fasiləsizliyi qalır”, - deyə o, əlavə edib.

*****

Lakin artıq dalana dirənən nizamlama prosesində fasiləsizlik qalsa da, hələ ki, sülh danışıqları real nəticəyə gətirməyib. Atəşkəs rejimi isə sonsuzadək sürə bilməz. Atəşkəs böyük sülh sazişi ilə bitməyəcəksə, o zaman müharibə ilə bitəcək. Üçüncü yol yoxdur. Paşinyanın son bəyanatı isə məhz hərb variantını gündəmə gətirir.

“Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanat uzun illərdir Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir”. Bu sözləri tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib (APA).

Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanata ilk reaksiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən gəlməli idi: “Ən təəccüblüsü Ermənistan baş nazirinin məlum bəyanatına beynəlxalq müşahidəçilərin münasibətinin olmamasıdır. Məhz Minsk Qrupunun həmsədrləri Paşinyanın bəyanatına münasibət bildirməlidirlər. Çünki bu bəyanat məhz onların vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkir. Lakin biz bu reaksiyanı görmürük. Həmsədrlər bu bəyanatlara reaksiya verməyə borcludurlar. Əks halda Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşə bilər. Yekunda biz beynəlxalq müşahidəçilərin reaksiyasını görməsək, o zaman yeni müharibəyə hazırlığın şahidi olacağıq. Azərbaycan uzun illərdir həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını istəyir. Minsk Qrupu həmsədr ölkələrinin tərkibi Bakını qane etmir. Paşinyanın bəyanatına həmsədr ölkələr tərəfindən reaksiyanın verilməməsi göstərdi ki, Bakının bu mövqeyi əsaslıdır, Azərbaycan bu mövqeyində haqlıdır”.

Politoloqa görə, Rusiya maksimal dərəcədə səy göstərir ki, Qarabağ münaqişəsi radikallaşmasın. “Lakin biz indi tamam ayrı mənzərənin şahidi oluruq. Dondurulmuş münaqişə yavaş-yavaş əriməyə başlayır. Azərbaycan danışıqlar prosesində konkretlik tələb edir, torpaqlarının qaytarılmasını istəyir. Yaranan bütün sualları həmsədrlərə istiqamətləndirməliyik. Moskvanın bu məsələdə mövqeyi dəyişməzdir. Rusiya münaqişənin diplomatik siyasi yolla həllini istəyir. Kremlə görə bu münaqişənin digər metodlarla həlli mövcud deyil. Lakin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyası Rusiya rəhbərliyi üçün də anlaşılan deyil. Kreml Ermənistandan həm ölkə daxilində, həm də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hadisələrlə bağlı konkret mövqe gözləyir”, - deyə rusiyalı politoloq sonda vurğulayıb.
 //musavat.com// 

Bənzər xəbərlər

Gündəm