Mar 30

Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

Keçmiş döyüşçü, Qarabağ müharibə veteranı təqaüddə olan mayor Əjdər Qaçay oğlu Hüseynov Rusiya Federasiyasının Samara şəhərində İnşaaat texnikumunda təhsil almış və təhsilini bitirəndən sonra DİN orqanlarında işləməyə başlayıb.

Bədnam qonşularımızın torpaq iddiasını eşidən kimi - 1988-ci ildə doğulduğu Laçın rayonuna, doğma Ələkçi kəndinə qayıdıb. Orada kənd cavanlarından özünümüdafiə qrupu yaradıb. Sovetlik Qırxqız dağının şimal ətəyində yerləşdiyinə görə Dağlıq Qarabağın ermənilərin məskunlaşdığı Vəng qəsəbəsi zabitin ata yurduna yaxın idi. Ona görə də ermənilər tez-tez mal-qaranı, qoyun sürülərini aparır, çoban-çoluğa xəsarət yetirirdilər. Hüseynov, yalnız ov silahları ilə silahlanmış özünümüdafiə qrupu ilə bir neçə kəndin və insanların keşiyində durdular. Bir müddət fəaliyyət göstərəndən sonra onu Laçın rayon polis şöbəsinə işə götürdülər. O, leytenant rütbəsi ilə polis şöbəsində işə başladı. Sonra onu Laçın rayonunun Şamkənd sovetliyi üzrə polis sahə müvəkkili təyin etdilər. Bu müddət ərzində erməni terrorçuları daha da qızışır, Laçına və onun ətraflarına zərər verməyi daha da artırırdılar. Hüseynovunxidmətlərindən razı qalan rəhbərlik yenidən onu rayon mərkəzinə qaytardılar və polis şöbəsində məsul növbətçi təyin etdilər. Bu xidmətdən sonra onu qaynar döyüş bölgələrinə ezam etdilər. Laçının Cizimli kəndində gedən ağır döyüşlərdə iştirak etdi. Onlar erməniləri geri oturtdular. Suarası kəndində gedən döyüşlərdə ermənilər məğlub oldular. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə dəfələrlə iştirak etdi. "Daşaltı ” əməliyyatında Laçın polis şöbəsinin əməkdaşlarıyla birgə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Oqtay Güləliyevlə bir yerdə döyüş əməliyyatında iştirak etdi. Şuşanın "Daşaltı” əməliyyatında çoxlu itki verən Azərbaycan milli ordusunun yaralı əsgərini Laçın polis şöbəsinin əməkdaşı Paşayev Nizami Fəxrəddin oğlu ilə birlikdəDaşaltınıniçindən çıxartdılar və Şuşa xəstəxanasına çatdırıblar. Onları səhəri günü Laçın rayon polis şöbəsinə qaytardılar. Beləliklə, 1988-ci il fevral ayından 1992-ci ilin may ayına qədər bir sıra döyüş əməliyyatlarında iştirak etdi.

 

 

Bütün bu çəkilən əziyyətlərə baxmayaraq, havadarlarının köməyi ilə Laçın rayonu və 130 kəndi ermənilər tərəfindən işğal olundu. İşğal olunan zaman ermənilər ordu birləşmələrimizə həm alınmış Şuşa rayonu tərəfdən hücum edirdilər, həm də döyüşçülərimiz Laçınla üzbəüz olan Gorus, Sisyan, Dığ erməni yaşayış rayonlarından artileriya və hava hücumuna məruz qalırdılar. Həmin zaman (16-17 may) Hüseynov Laçın rayon polis şöbəsində məsul növbətçi idi. Növbətçi olduğu günlərdə rayonun bütün xüsusi mühüm obyektlərini: Polis Şöbəsini, Milli ordunun qərargahını və s. obyektlərini erməni və rus artilleriyası ilə dağıtdılar. Beləliklə Laçın rayonu işğal olundu, onlarla şəhid verildi. Və yenidən polis rəisi polis polkovniki Akif Səlimovun rəhbərliyi altında Hüseynovla birgə Laçın polis şöbəsinin bütün əməkdaşları DİN-in əmrinə əsasən döyüş bölgəsinə ezam edildilər. Laçın və Şuşa işğal olunduğuna görə Laçına giriş yalnız Kəlbəcər rayonunun "Tunel” adlanan yeraltı keçidindən idi. Və Laçın polisinin əməkdaşları həmin tuneldən Laçın ərazisinə daxil oldular. Laçının kəndləri erməni qəsbkarları tərəfindən yandırılmışdı. Laçın polisinin əməkdaşları ilk olaraq o kəndlərdən erməniləri təmizləyə-təmizləyə Hoçaz yüksəkliyinə yaxınlaşdılar. Onlar Hoçaz yüksəkliyi uğrunda ağır döyüşlər keçirdilər. Bütün döyüşlərdə Azərbaycan Milli ordusunun və Polis Batalyonunun döyüşçüləri qələbə qazanırdılar və erməniləri yaxşıca əzişdirirdilər. 1992-cü ilin oktyabr ayında onlara göstəriş gəldi ki, uzun müddət ermənilərin əlində olan Hoçaz yüksəkliyi ermənilərdən azad edilməlidir. Onları gecə ilə erməni pozissiyasının 300 metrliyində meşədə Əlibulağında yerləşdirdilər. Səhər tezdən saat 06:00-da komandir briqada Qənizadənin və Akif Səlimovun rəhbərlik etdikləri artilleriya və "Qrat qurğusu” işə düşdü.

 

Bir neçə gün gedən qızğın döyüşlərdə, ermənilər onlara nisbətən daha çox itki verdilər. Hüseynovu rəhbərlik o döyüşdən xaric edib təxminən döyüş zonasından 10 km kənarda bir dağın zirvəsində posta qoydular. Onun rəisi bildirdi ki, kəşfiyyatın gətirdiyi xəbərə əsasən, Ermənistandan "Eşşək” meydanı adlanan dağ tərəfdən bu döyüşə əlavə qüvvələr gətiriləcək. Sahə müvəkkili İlhamla leytenant Hüseynov səngərlərini dərinləşdirdilər və həmin gecə onların aşağı tərəfindəki Sadınlar kəndində ermənilərin olduğunu məlum oldu. Onlar səhəri gün meşədə iki hərbi "UAZ"gördülər. Bu maşınlar ordudan əvvəl gələn erməni kəşfiyyatçıları idilər. Bundan sonra saat 10 radələrində ordu və texnika görünməyə başladı. Xeyli sayda hərbi zirehli texnika və təqribən 450 nəfər erməni piyada qoşununun döyüşçülərin arxa tərəfinə keçdiyini gördülər. Hüseynov yanında olan İlhamiyə əmr etdi ki, təcili gedib döyüşən Laçın rayon polis batalyonunun komandiri Çingiz Abbasova ara zona ilə gələn erməni qoşunları haqqında məlumat versin.Hüseynov isə bir an belə itirmədən üzərinə gələn bu qoşun birləşmələrini atəşə tutdu və təxminən 30-40 nəfərin yerə sərildiyini gördü və qalan qoşun hissələri meşəyə dağıldı, o cəld yerini dəyişərək aşağı düşdü, erməni zirehli texnikası və qurğuları onun durduğu yeri vurdular. Yenə də o ilahi qismətlə sağ qaldı və bir neçə saat gedən qarşılıqlı artilleriya döyüşündən sonra erməni qoşunları ağır itki verərək geri çəkildilər və Hüseynovu yüngül yaralı halda polis qərargahına, rəisin yanına gətirdilər. Rəis ona dedi: "Sən bir nəfərin işini görmədin, sən bir vzvodun işini gördün, əgər sənin atəşin olmasaydı, bizim ordunu və polis batalyonunu puskuya salıb məhv edəcəkdilər, sənə qəhrəmanlıq yaraşır. Əgər ölməsəm də bu adı sənə verdirəcəyəm". Sonra ona döyüşdən kənar bir kənddə müalicə almaq üçün yer təşkil etdilər, bir polis əməkdaşını təhkim etdilər ki, ona xidmət göstərsin. Səhəri gün Hüseynov Ermənistan tərəfdən səmaya qalxan bir təyyarəni izlədi. Komandir briqada Qənizadəyə bir təyyarənin Ermənistan tərəfdən səmaya qalxdığını, Qarabağ istiqamətinə getdiyini və geri qayıtmadığını radiostansiya ilə məlumat ötürdü.

 

Səhəri gün saat 09:00-da ona xidmət göstərən polis əməkdaşı təyyarə səsinin gəldiyini Hüseynova xəbər verdi. Güclü partlayış səsi dağı silkələdi və o dağın üzərindən Ermənistan tərəfə uçan hərbi təyyarəni gördü. Bu təyyarə milli ordunun səyyar qospitalını vurmuşdu, xoşbəxtlikdən tələfat olmamşdı. O vaxt itirmədən avtomat silahla çox yaxın, 30-40 metr məsafədən təyyarənin alt hissəsinə çoxlu sayda atəş açdı. Təyyarənin alt hissəsində SSRİ-nın bayrağı həkk olunmuş və qırmızı rəngdə SSRİ yazılmışdı. Onun atəşi təyyarəni zədələdi. Əks tərəf onu atəşə tutdu, xoşbəxtlikdən çoxlu sayda atılan güllələr Hüseynova dəymədi və təyyarə Ermənisatnın Gorus rayonu istiqamətində tüstü və alov içərisində dağın arxa tərəfində görünməz oldu. Təyyarənin sonrakı aqibətindən heç bir məlumatı olmayan Hüseynov bu haqda öz polis rəisi, polkovnik-leytenant Akif Səlimovu məlumatlandırdı.

 

 

Bu cür hadisələr sayca çoxdur. Hüseynov Əjdər öz xidməti vəzifəsini şərəf və ləyaqətlə çoxlu döyüş əməliyyatlarında göstərib. Müharibədən sonra təyinatı DİN-nin nəznində olan DYNO-ya (Dövlət Yanğın Nəzarət Orqanı) verildi. FHN-dən 2010-cu ildən təqaüdə buraxıldı, hal-hazırda

Mingəçevir şəhəri AZDRES "Yeni Həyat qəsəbəsi ev B15”-dəmüvəqqəti məskunlaşıb. Özünün dediyinə görə yenə müharibə başlayarsa, Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etməyə hazırdır.

 Amma təəssüf ki, keçmiş döyüşçünün hər iki gözü görmə qabiliyyətini tam itirmək təhlükəsindədir. Yanvarın 17-si onun ad günüdür. Çox istərdik ki, əlaqədar orqanlar gözlərinin nuru çəkilməkdə olan qazini yoxlasınlar, onun müalicəsi ilə məşğul olsunlar, dövlətimiz isə onun xidmətlərini qiymətləndirməklə onun bütün əzab-əziyyətlərini ona unutdura bilməsələr də, onu sevindirsinlər. Bu barədə o özü də prezidentə məktub ünvanlayıb, məktub baxılmaq üçün DİN-ə göndərilib, onlar da sonuncu iş yeri FHN olduğuna görə ərizəsini ora göndəriblər. FHN isə cavabında Hüseynovun fəaliyyətinin əsas hissəsinin döyüş vaxtlarına təsadüf etdiyinə görə məsələnin DİN-ə aidiyyəti olduğu bildirilib.

Beləliklə, Əjdər Hüseynovun məktubu nazirliklər və şəxslər arasında dolaşmaqda, özünün isə gözləri yollarda qalıb.

 

Bənzər xəbərlər

Gündəm

0.024688959121704