Jan 21

Xətaiyə kimi başçı göndərirlər? - İDDİA

Xətai rayon icra başçısı Razim Məmmədovun yerinə hələlik heç bir təyinat edilməyib. Bizimxeber.az xəbər verir ki, uzun illərdir bu rayonun icra başçısı arzusunda olan iki şəxs – Lənkəran icra başçısı Taleh Qaraşov və Biləsuvar icra başçısı Mahir Quliyev yenidən bu post uğrunda mübarizə aparır. Uzun illərdir bu iki şəxsin sözügedən rayonun icra başçısı olmaq üçün çalışdığı bəllidir. 

Ürəyindəki ciddi problemlər üzündən illərdir müalicə olunan Lənkəran icra başçısı Taleh Qaraşovun Xətai rayonuna başçı təyin olunması bir qədər sual altındadır. Müalicəsi ilə bağlı mütəmadi olaraq Türkiyəyə yollanan Taleh Qaraşovun Bakının ən böyük rayonlarından birinə gətirilməsi sual altındadır.

Həmçinin Biləsuvar icra başçısı Mahir Quliyevin də adı mətbuatda kifayət qədər qalmaqallı məsələlərdə hallanıb. Hələ Astarada icra başçısı işləyərkən yerli əhalinin narazılığı ilə üzləşən Quliyev illərdir eyni əməlləri Biləsuvarda davam etdirir.

Rayon sakinlərinin zaman-zaman redaksiyaya unvanladığı müraciətlərdə bildirilirdi ki, Mahir Quliyev Astarada icra başçısı olarkən topladığı vəsaitin əhəmiyyətli hissəsini bu rayonda limon və narıngi bağlarının alınmasına yönəldib. Və başçı bütün pullarının həmin bağların inkişafına yönəldib. Buradan il ərzində toplanan məhsul isə Rusiya bazarlarına göndərilir.

İşin ən pis tərəfi odur ki, Mahir Quliyev illərdir Biləsuvar bazarına ondan icazəsiz limon və narıngi gətirilməsinə yasaq qoyub. Biləsuvar bazarına bu məhsulların kənardan gətirilməsi hələ də yasaqdır. Daha bir əhəmiyyətli məsələ icra başçısının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ayrılan vəsaitlərin əksəriyyətinin yaratdığı şəxsi fermalarına yönləndilməsidir. Bütün bu faktlar zaman-zaman ölkə mətbuatının gündəmində olub və bu günə kimi, icra başçısı bu faktları təkzib edə biıməyib.

Eyni zamanda Taleh Qaraşovun Lənkərandan əvvəl Neftçala rayonunda sahibkarlara, rayon infrastrukturuna vurduğu ziyan hələ unudulmayıb. Onun rayonun tarixində qoyduğu dağıdıcı izlər bu günə kimi hər kəsin dilində əzbərdir. MBD-də ikinci olan Yod-Brom zavodu məhz onun zamanında darmadağın edildi, bütün borular satıldı, bahalı avadanlıqlar məhv edildi.

Bütün bunlar gəstərir ki, sözügedən hər iki icra başçısı nəinki Xətai rayonuna gətirilməklə ödüllənməlidirlər. Əksinə, onları ümumiyyətlə, diğərləri kimi yola salmaq lazımdır.

Elə isə ortada maraqlı bir sual da var. Əcəba, hazırda icra başçısı olan bu iki şəxs nədən Bakıda icra başçısı olmaq arzusundadır? Bu suala yaxın günlərdə çılpaqlığı ilə aydınlıq gətirməyə çalışacağıq. 

Bənzər xəbərlər

Gündəm

0.045278072357178