Jan 07

Polis rəisini döyüb azadlığa çıxan biznesmen təmtəraqlı məclis keçirib

Şirvan şəhər DYP bölməsinin rəisi Afət Mirzəyevi iş otağında döyən “Rövşən” şadlıq evinin sahibi İbrahim Həsənova açılan cinayət işinin maddəsi dəyişdirilib. AzEuroNews.com-un əldə etdiyi özəl məlumatda deyilir ki, biznesmenə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlansa da, sonradan bu maddə dəyişdirilib. Dəyişdirilən isə, təkcə bu deyil. Onların arasında Məhkəmə Tibi Ekspertizanın da qərarı var. Bütün hallar yüngülləşdirilib və nəticədə biznesmen azadlığa çıxıb.

AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki, azadlığa çıxmaq biznesmenə 15 min manata başa gəlib. O, Şirvan Şəhər Polis Şöbəsində cəmi bir gün saxlanılıb.

Bundan sonra məsələ ilə bağlı bütün suallar Şirvan şəhərinin prokuroru Həsən Hənifəyevin üzərində cəmlənib. Maraqlıdır cənab prokuror polis zabitinə DİN-in inzibati binasında, iş otağında hücum edib təhqir edən, xəsarət yetirən şəxsə  221-ci xuliqanlıq maddəsi ilə yanaşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə 315-ci maddəsini tətbiq etməyib.

Şirvandan aldığımız yeni məlumatlar arasında biznesmen İbrahim Həsənovun polis zabitinə qədər daha iki şəxsə qarşı zor tətbiq edib, döyməsi faktı da var. Biznesmen Çılpaqlı yaşayış massivində qonşusunu, daha sonra su kanal idarəsinin işçisi Rəşad Miriyevi döyüb. Amma, o, hər iki fakta görə məsuliyyətə cəlb edilməyib.

Sonuncu hadisədən sonra, daha dəqiq desək, İbrahim Həsənovun azadlığa çıxmasından sonra sahibi olduğu “Rövşən” şadlıq evində böyük bir məclis təşkil edilib. Dostlarına qonaqlıq verən İ.Həsənov məclisə Bakıdan tanımış müğənniləri də dəvət edib.

Mövzu ilə bağlı biznesmen İbrahim Həsənovla əlaqə yaratmaq cəhdlərimiz isə, heç cürə alınmayıb. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm

0.034206867218018