GündəmDec 02

Kimin oğlu Qarabağda xidmət edib?

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçki kampaniyası zamanı oğlunu Qarabağda hərbi xidmətə göndərən ilk erməni rəhbər olduğunu vurğulayıb bununla lovğalanması ciddi mübahisəyə və spekulyasiyalara yol açıb. Virtualaz.org xəbər verir ki, Paşinyan çıxışında bundan əvvəlki Ermənistan rəhbərlərinin heç birinin oğullarının Qarabağda xidmət etmədiyini deyib.

Onun bildirdiyinə görə, Serj Sərkisyanın oğlu olmadığına görə avtomatik olaraq bu siyahıdan kənardadır. Amma Levon Ter-Petrosyanın və Robert Köçəryanın oğlanları da Qarabağda olmayıblar. Ter-Petrosyanın oğlu Tavuş vilayətinin Berd rayonunda xidmət edib. Robert Köçəryanın isə iki oğlundan biri Müdafiə Nazirliyinin binasında hərbi xidmət keçib, amma kazarmada gecələməyib. İkinci oğlu isə Milli Təhlükəsizlik Xidmətinin hazırda ləğv edilmiş xüsusi təyinatlı hərbi hissəsində qulluq edib, o da kazarmada gecələməyib və kefi istəyəndə gedib, kefi istəyəndə qayıdıb.

 

Nikol Paşinyanın bu çıxışına Dağlıq Qarabağdaki qondarma rejimin nümayəndəsi David Babayan şərh verərək deyilənləri “spekulyasiya” adlandırmışdı. Və Paşinyan qəzəblənərək Dağlıq Qarabağdakı qondarma rejimi hədələmişdi. “Mən və ya mətbuat katibim Dağlıq Qarabağda baş verənlər haqda bilinənləri və bilinməyənləri şərh etsək necə olacaq? Heç bunu təsəvvür edirsiniz? Gedin öz işinizlə məşğul olun. Hansı haqla Ermənistandakı seçki kampaniyasına burunuzu soxursunuz və mənim çıxışlarımı şərh edirsiniz?”-Paşinyan təqribən belə deyib.

Paşinyanın separatçıları hədələməsi dərhal onun rəqiblərini, əsasən Respublika partiyasını bərk həyacanlandırıb.  Keçmiş müdafiə naziri, respublikaçıların seçki siyahısına başçılıq edən Vigen Sərkisyan deyib ki, siyasi qüvvələr Qarabağ məsələsi ilə bağlı danışarkən çox ehtiyatlı olmalıdır. Çünki bir neçə gün sonra seçkilər başa çatacaq və Ermənistan Azərbaycanın çox güclü, yaxşı silahlanmış yüz minlik ordusu ilə üz-üzə qalacaq.

Amma “kimin oğlu Qarabağda xidmət edib?” polemikası səngiməyib. Robert Köçəryanın oğlu Levon özünün Facebook səhifəsində hərbi xidmət dövründə çəkilmiş fotoları yayıb. Bu fotolara əsasən Köçəryanın oğlu çadırda gecələyir və poliqondadır.

Levon Köçəryan bildirib ki, o vaxt atası prezident olduğuna görə istəsəydi aspiranturaya girərdi, yaxud təhsilini xaricdə davam etdirərdi. Amma hərbi xidmətə getməyi qərara alıb. “Keçmiş qəzet redaktoru (Paşinyan) yenə mənim barəmdə yalan məlumatt yayıb. Milli təhlükəsizliyin xüsusi təyinatlı hərbi hissəsinin tərkibində mən nəzərdə tutulan döyüş hazırlığı proqramını keçmişəm, təkcə hərbi hissədə deyil, Pəmbək dağlarında, çadırlarda da gecələmişəm. Gizlətmirəm ki, zabit heyətinin diqqət mərkəzində olmuşam və düzünü desəm bu mənə xoş deyildi”-Köçəryanın oğlu yazıb.

Köçəryanın oğlunun açıqlamasına və yaydığı fotolara Nikol Paşinyanın arvadı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanax” qəzeti cavab verib. Qəzet dünən dekabrın 1-də çıxan nömrəsində yazır ki, redaksiya Robert Köçəryanın oğlanlarının necə xidmət etdiyi barədə məlumatlar alıb. Belə ki, Köçəryanın böyük oğlu Sedrak 2004-cü ildə Yerevan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Və Yerevan polkunun N saylı hərbi hissəsində-Müdafiə Nazirliyinin binasında xidmət edib. Oradan nazirliyin hüquq idarəsinə xidmətə göndərilib. Xidmətə səhər saat 9-da başlayıb və axşam 6-da evlərinə gedib. Və kazarmada gecələməyib.

Qardaşı Levon Köçəryan isə 2006-cı ildə Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib və 2008-ci ilin iyun ayına qədər Milli Təhlükəsizlik Xidmətinin hazırda ləğv edilmiş hərbi hissəsində, Yerevanda qulluq edib.

“Bütün xidmət boyu Levon Köçəryana “VAZ 2121” markalı, 404 SS 02 dövlət nömrə nişanlı avtomobil təhkim edilib. Həmin avtomobillə o sutkanın istənilən vaxtında hərbi hissədən çıxıb və ya geri qayıdıb. Hərçənd konkret sürücü vəzifəsini yerinə yetirməyib. Kazarmada gecələməyib, hərdən komandirin köməkçisinin iş otağında gecələyib.

Qəzet habelə yazıb ki, Levon Köçəryanın oğlunun yaydığı fotolar Ermənistanın Lori vilayətində düşərgə toplantıları zamanı çəkilib.

“Paşinyan deməyib ki, Köçəryanın oğlanları xidmət etməyib. O deyib ki, oğlunu Qarabağa xidmətə göndərən yeganə Ermənistan rəhbəridir. Köçəryanın oğlanlarının necə və harada xidmət etdiyi isə məlumdur. Onlar bir gün də olsun Qarabağda əsgər kimi olmayıblar”-Anna Akopyanın qəzeti yazır.

Qəzet onu da bildirir ki, Köçəryanın oğlanları hərbi xidməti başa vuran kimi qısa müddətdə onların hesablarında 10 milyon dollar, hətta daha çox pul meydana çıxıb.

Bu məqalə dərc olunandan sonra Levon Köçəryan yenə də Facebook-da keçmiş qəzet redaktoru Paşinyana cavab verib. Bildirib ki, dövlət hesabına benzin almayıb, dövlətin maşınını sürməyib və heç vaxt hesabında o qədər pul olmayıb. “Səbrsizliklə gözləyirəm ki, kollektiv şəkildə dərsdən qaçmağımızı nə vaxt müzakirə edəcəklər”-o ironiya ilə bildirib.

Virtualaz.org

Bənzər xəbərlər

Gündəm