GündəmNov 30

Seçkidən sonra Ermənistan: Planda nə var? - TƏHLİL

Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın yeni siyasi palitrası formalaşacaq. Mövcud vəziyyətin təhlili artıq Ermənistanda siyasi qüvvələr nisbətinin mənzərəsini müəyyən etməyə imkan verir. Aprel ayında baş vermiş "məxməri inqilab"dan sonra Nikol Paşinyanın liderliyi ilə müxalifət iqtidara gəlsə də bütövlükdə hakimiyyətini qura bilmədi. Yəni Paşinyanın komandasının nəzarətində olan hökumətdən fərqli olaraq, eks-prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası yeddi ay parlamentdə üstünlüyünü saxlayıb. Ona görə də Ermənistan Milli Məclisi N.Paşinyan üçün real təhlükə mənbəyi olaraq qalıb. 

Növbədənkənar parlament seçkilərində Paşinyanın tərəfdarları qalib gələrsə, inqilab lideri nəinki, bu təhlükəni sovuşduracaq, hətta parlamentə nəzarəti də ələ keçirəcək. Bu isə Paşinyana Ermənistanda hüquqi dəyişikliklər həyata keçirməyə imkan verəcək. Seçkilər öncəsi aparılan rəy sorğuları və ekspert təhlilləri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasının qələbəsinin qaçılmaz olduğunu göstərir. Beləliklə, 1998-ci ildən etibarən Qarabağ klanının hakimiyyətinə real olaraq son qoyulması prosesi tam başa çatacaq. Nikol Paşinyanın hakimiyyətinin möhkəmlənməsi ona orduda və məhkəmə sistemində Robert Köçəryana, Serj Sarkisyana bağlı qüvvələrə qarşı təmizləmə aparmaq imkanı yarada bilər. Sözügedən prosesin tərkib hissəsi kimi seçkilərdən sonra N.Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyana qarşı da siyasi hücumlarının güclənəcəyi gözlənilir. 

Nikol Paşinyanın rəhbərlik etdiyi partiya seçkilərin favoriti olduğundan Ermənistandakı siyasi qüvvələr daha çox parlamentdə ana müxalifət yeri uğrunda yarışır. Bu günlərdə Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan da seçkilərdə hakimiyyət məsələsinin artıq həllini tapdığını, əsas rəqabətin müxalifətə aid yerlər uğrunda getməli olduğunu deyib. Hazırda Ermənistan Milli Məclisində ikinci yerə daha çox iki partiya iddialı görünür. Bunlar Ermənistan Respublika Partiyası və Çiçəklənən Ermənistan Partiyasıdır. 

Ancaq "GALLUP International association” mərkəzinin apardığı sorğu siyasi mənzərənin tamamilə fərqli olduğunu təsdiq edir. Rəy sorğusu növbədənkənar parlament seçkilərində N.Paşinyanın komandasının yüksək faizlə qalib gələcəyini göstərir. Lakin münasibəti parlament müxalifəti ilə bağlı gerçək mənzərənin fərqli olduğunu söyləmək olar. Belə ki, respondentlərin 67 faizi seçkilərdə Vətəndaş Sazişi Partiyasına (VSP) səs verməyə hazır olduğunu bildirib. Qeyd edək ki, bəzi ekspertlər Nikol Paşinyanın liderlik etdiyi təşkilatın "məxməri inqlab"ın mərkəzi olan İrəvanda qalib gəlmək şansının daha yüksək olduğunu bildirir. Lakin xalq inqilabının əsas mərkəzləri olan Eçmiədzində, Gümrüdə, eləcə də Nikol Paşinyanın anadan olduğu İcevanda VSP-nin qələbə qazanacağına şübhə yoxdur. Nikol Paşinyanın paytaxtda qələbə imkanlarının daha geniş olması fikri sentyabr ayında İrəvan Ağsaqqallar Şurasına və mer seçkilərində baş nazirin "Mənim addımım" blokunun 81 faiz səs çoxluğu ilə qalib gəlməsi ilə izah edilir. "Gallup"in sorğusunda isə VSP 67 faizlik dəstək qazanıb. Deməli, hər iki minimal və maksimal nəticə arasında ümumilikdə 14 faiz nisbi fərq var. Bu da N.Paşinyanın partiyasının parlament seçkilərində təxminən 70 faiz səs toplaya biləcəyini göstərir. Xatırladaq ki, 2017-ci ilin aprel ayında Serj Sarkiyan hakimiyyəti tərəfindən keçirilmiş və hətta saxtalaşdırılmış parlament seçkilərində hakim ERP 49,6 faiz səs və ya 56 deputat mandatı qazanmışdı. Ermənistan Konstitusiyasına görə, səslərin 54 faizini qazanan siyasi partiya və ya partiya bloku hökuməti formalaşdıra bilər. Əgər VSP 70 faiz səs toplaya bilsə, parlamentdə 70-71 deputat mandatına sahib olacaq. Bu da N.Paşinyana təkpartiyalı hökumət qurmağa imkan verir. 

Deməli, müxalifət qanunvericilikdə nəzərdə tutulduğu kimi, 30 faizə sahib olmaq uğrunda mübarizə aparacaq. Ermənistan Seçki Məcəlləsinin 96.2 maddəsinə görə, bir partiya və ya partiya bloku parlamentdə səslərin üçdə ikisini qazanarsa, o zaman mandatların üçdə biri və ya 30 faizi müxalifətə ayrılmalıdır. Yəni VSP seçkilərdə 90 faiz səs qazansa belə, parlamentin legitimliyini təmin etmək üçün Milli Məclisdəki yerlərin 30 faizi müxalifət üçün nəzərdə tutulur. Ona görə də Ermənistan Konstitusiyasında Milli Məclisin say tərkibi göstərilməyib. 2017-ci ildə Ermənistan parlamentinə keçirilən VI çağırış seçkilərdən sonra Milli Məclis 105 nəfərdən ibarət formalaşdı. Həmin yerlərin 4-ü milli azlıqların nümayəndəsinə, digər 101 mandat isə proporsional seçki sistemi üzrə siyasi partiya və ya partiya blokları üçün ayrılıb. Yəni Paşinyanın liderlik etdiyi VSP-nin topladığı səslərin sayından asıl olaraq, Ermənistan Milli Məclisinin say tərkibi dəyişə bilər. Əgər VSP 70-71 deputat yeri qazanarsa, qanunveriici orqandakı deputatların sayı əvvəlki kimi qalacaq. Əks təqdirdə, yəni Paşinyanın partiyası 80-90 faiz üstünlüklə seçkilərdə qalib gəlsə, o zaman müxalifətə ayrılan 30 faizi təmin etmək üçün mandatların sayı 110-120 nəfərə qədər artırıla bilər. 

Lakin Ermənistan digər partiyaların hazırkı reytinqi ilə 30 faizlik göstəricini qazana biləcəyini söyləməyə çətinlik törədir. Bu özünü ilk olaraq, İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə göstərdi. Həmin nəticələrə görə, ikinci yeri 6,95 faiz səslə Çiçəklənən Ermənistan Partiyası tutub. Üçüncü yeri tutan “Luis” (İşıq) alyansına isə seçicilərin 4,99 faizi səs vermişdi. “GALLUP İnternational” Mərkəzinin sorğusuna görə, Vətəndaş Sazişi Partiyasından sonra ikinci yeri Parlaq Ermənistan Partiyası tutub. Respondentlərin 10 faizi bu gün seçkilər keçirillərsə PEP-a səs verməyə hazır olduğunu bildirib. Qeyd edək ki, bu partiya və onun lideri E.Marukyan əvvəlki parlamentdə “Yelk” (Çıxış) blokunda Nikol Paşinyanla birgə müttəfiq olub. Əvvəllər Ermənistan cəmiyyətində yüksək mövqeyə malik olmasa da “Yelk” blokunun ölkədə məxməri inqilab etməsi Edmon Marukyanın və Parlaq Ermənistan Partiyasının siyasi reytinqinin artmasında mühüm rol oynadı. Üçüncü yerdə isə 9 faizlik göstərici ilə Çiçəklənən Ermənistan Partiyası qərarlaşıb. Yəni İrəvanda mer seçkilərindən bəri ÇEP-nın siyasi nüfuz pilləsində ciddi irəliləyiş baş verməyib. Tərkibində Azərbaycan ərazilərinin işğalında iştirak etmiş döyüşçüləri və radikalları birləşdirən “Sasna-Tsrer” Partiyası 3 faiz, ERP 2 faiz, “Daşnaksütyun” Erməni Milli Fraksiyası isə 2 faiz respondentin dəstəyini əldə edib. 

Rəyi soruşulanların 81 faizi seçkidə iştirak etməyə hazır olduğunu bildirib. Respondentlərin 82 faizi ən çox Nikol Paşinyanın fəaliyyətini bəyəndiyini deyib. Onlar öz fikirlərini Paşinyanın korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı mübarizədən razı qalması ilə əsaslandırıb. 77 faiz respondent hazırkı prezident Armen Sarkisyana müsbət münasibət bəslədiyini bildirib. 

Sabiq prezidentlərin reytinqinə 18 faizlik göstərici ilə Levon Ter-Petrosyan başçılıq edir. Robert Köçəryan 13, Serj Sarkisyan isə 12 faiz seçicinin reytinqini qazanıb. 

Qeyd edilən faktlar parlamentdə müxalifətin payına düşən ikinci və üçüncü yerlər uğrunda rəqabətin Parlaq Ermənsitan və Çiçəklənən Ermənistan partiyaları arasında gedəcəyini göstərir. Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları daha çox bölgələrdə olduğundan səslərin böyük əksəriyyətini paytaxtdan kənarda qazana biləcəyi ehtimalı üstünlük təşkil edir. Lakin son aylar ÇEP daxilində baş verən ziddiyyətlər, hətta partiyanın lideri Qagik Tsarukyandan narazılıqların artması görünür, təşkilatın siyasi reytinqini zədəliyib. Ona görə də 2017-ci ildə 27,35 faiz səs qazanaraq Milli Məclisdə 31 mandata sahib olan “Tsarukyan” bloku hazırda həmin imkana malik deyil. Yəni ÇEP təqribən 10-12 faiz səs toplaya bilər. Parlaq Ermənistan Partiyası da 12-15 faizlik mandat əldə edə bilsə iki partiya reytinq sistemi əsasında seçilmiş deputatların ümumi sayı ilə birlikdə müxalifətə ayrılmış 1/3-i təmin edə bilər. 

Böyük ehtimalla PAP və ÇEP arasında rəqabət əsasən VSP-nin İrəvan Ağsaqqallar Şurasına topladığı səslə sorğunun göstəriciləri arasındakı 14 faizlik nisbi fərqə sahib olmaq uğrunda mübarizə ilə aparılacaq. Ancaq N.Paşinyanın siyasi reytinqi həmin səslərin böyük hissəsinin VSP-yə qayıtmasını təmin edə bilər. Eyni zamanda, Erməni Milli Konqresi Partiyası seçkilərə qatılmadığından Levon Ter-Petrosyanın tərəfdarlarının bir qisminin öz səslərini N.Paşinyana verəcəyi ehtimalı yüksəkdir. 

ERP-nin isə iddiası yüksək olsa da parlamentə düşmək şansı görünmür. Çünki seçicilərin 61 faizi Serj Sarkisyanın partiyasına səs vermək istəmədiyini bilidirib. Sorğudan da göründüyü kimi, ERP ən yaxşı halda 2-3 faiz səs yığacaq ki, bu da 5 faizlik barajı keçməyə imkan vermir. Qeyd edək ki, Nikol Paşinyan Seçki Məcəlləsində partiyalar üçün 5 faizlik barajın 4-ə, partiya blokları üçün nəzərdə tutulmuş 7 faizlik barajın isə 6-ya endirilməsini təklif etmişdi. Ancaq ERP bu dəyişikliklərə razılıq verməməklə özü üçün problem yaradıb. 

Əgər ERP 4 faiz səs yığsa belə artıq parlamentə düşə bilməyəcək. Sorğunun nəticələri onu da deməyə əsas verir ki, ERP-nin proporsional seçki siyahısına başçılığın Serj Sarkisyana deyil, sabiq müdafiə naziri Viqen Sarkisyana həvalə edilməsi də işə yaramayıb. ERP aprel inqilabından sonra sıradan çıxmış nüfuzunu bərpa edə bilməyib. “Sasna-Tsrer”in və daşnakların da təxminən 3-4 faiz səs toplaya biləcəyini proqnozlaşdırmaq çətin deyil. Deməli, ERP, “Daşnaksütyun” və “Sasna-Tsrer”dən ibarət radikal qüvvələr 5 faizlik barajı keçə bilmədiyinə görə parlamentə düşməyəcək. Bu isə N.Paşinyana daxili və xarici siyasətdə daha riskli addımlar atmaq üçün şərait yaradacaq. 

Bənzər xəbərlər

Gündəm