GündəmNov 22

“Econ”da böyük nağdlaşdırma cinayətləri - Elçin Mustafayevin şirkəti 150 fəhlənin pulunu ödəmir

Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı ortaya çıxıb. Belə ki, ötən il Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu bu günə qədər verilməyib.

“Yeni Müsavat”a üz tutan iş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır: “”Econ" şirkətindən dəvət aldım. Şirkət Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Lot.1" üzrə - Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi çıxmışdı. Tender komissiyasının 14 noyabr 2017-ci il tarixli protokoluna əsasən ”Econ" MMC qalib elan edilmiş və həmin təşkilatla 29 noyabr 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb. Mən sonradan bildim ki, “Econ” Bakı Nəqliyyat Agentliyinə yad bir şirkət deyil. “Econ”un faktiki sahibi Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevdir. Tendersiz də Elçin Mustafayevin şirkəti həmin işi gördürə bilərdilər. Məni işə dəvət edəndə dedilər ki, piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərini görəcəyik və hər kvadrat metr işə görə 60 manat zəhmət haqqı alacağıq".

Bakıda pandusların altına qoyulmalı betonu, armaturu, dəmir toru “yeyiblər”
Onun sözlərinə görə, “Econ” şirkətinin icraçı direktoru Nəcəf Sadıqovdur. Şirkətin əsl sahibi isə Elçin Rəvayət oğlu Mustafayevdir: “Mustafayev Bakı Nəqliyyat Agentliyində sədr müavinidir. İşlər də Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə ”Econ" tərəfindən görülürdü. Mən iş icraçısı olaraq işə başladım. Onlarla usta, fəhlə dəvət edib tikintini apardıq. Ümumilikdə 150-yə yaxın işçimiz olub. Tikinti normalarına görə pandusların altına beton qatı tökülməli, armaturlar toxunmalı, dəmir torlar qoyulmalı idi. Amma biz işə başlayanda dedilər plitələri elə torpağın üstündəncə yerə düzün. Sifarişçi onlardır, təchizat da onlarlıq olduğundan biz iş icraçısı olaraq sifarişi deyilən qaydada yerinə yetirməli idik. Belə də etdik. Dəfələrlə iradımı bildirdim, dedim ki, bu cür döşənmədən az sonra piyada keçidləri, panduslar dağılıb sıradan çıxacaq. Dedilər ki, siz işinizi görün, narahat olmayın. Bu gün kim gedib həmin plitələrdən birini qaldırsa, görəcək ki, plitələrin altında nə beton var, nə də betonun içində dəmir tor. Nəcəf Sadıqov, Fərid adlı təchizat şöbəsinin müdirləri deyirlər ki, işinizi biz dediyimiz qaydada görün, pulunuzu alın, qalan işlər bizlikdir. Yəni dövlətə verdikləri hesabatlarda yazıblar ki, pandusların və piyada keçidlərinin altına armatur, dəmir tor qoyulub, beton tökülüb. Faktiki isə bunların heç biri olmayıb".

İş icraçısı deyir ki, onlar asfalt qatını çıxarıb, meydana çıxan zibili yığıb atıb, qranit səki daşlarını söküb-kəsib yerinə oturdublar: “Bundan sonra qum qatı sərilirdi, qranit döşənirdi və sarı keramik plitələr girişlərə qoyulurdu. Bu işlərin görülməsinə görə bizə hər kvadrata görə 60 manat verilməli idi. Bakının Nəsimi, Yasamal və Nizami rayonlarında qeyd olunan işləri görürdük. Bizə görülən işlərə görə ümumilikdə 54 min manat pul veriblər. Həmin pulun 13 min manatını hesaba köçürüblər. Yəni dövlətdən aldıqları pulu nağdlaşdırıblar. Mən dəfələrlə gördüyümüz işin müqabilində verilməli pulların ödənməsini istədim, amma ala bilmədim”.

R.Şeyxəliyev pulların Bakının mərkəzində necə nağdlaşdırılmasına da şahidlik edib: ““Econ”da maliyyə və təchizat işlərinə baxan Fərid müəllim bank filialında pulu nağdlaşdırırdı, bizə çatacaq pulun cüzi hissəsini ödəyirdi. Hər dəfə deyirdilər ki, bu gün, sabah pulunuz ödənəcək. Beləcə, bizə 3 min 800 kvadrat metrlik pandus və piyada keçidi inşa etdirdilər. Hesabladıq ki, 54 min manat ödəyiblər, 192 min manata qədər borc qalıb. Ona görə də işi dayandırdıq. Elçin Mustafayevin bibisi oğlu Mətin o günlərdə bizimlə hər gün təmasda olurdu. Bizi inandırırdı ki, heç nədən narahat olmayın, pulunuz qəpiyinə qədər ödənəcək. İşi dayandırandan sonra Elçin Mustafayevin bibisi oğlu Mətin də yoxa çıxdı. Nəcəf Sadıqov da dedi ki, biz səni tanımırıq. Halbuki bu işləri biz çox böyük əziyyətlə görmüşük. Ustalar və fəhlələr əziyyət çəkiblər və haqlarını ala bilmirlər".

“Atasının evinin təkcə qapısını 45 min avroya alıb”
İş icraçısı Elçin Mustafayevin onların əziyyətlə qazandığı pulların hesabına özünə və yaxınlarına bahalı bəxşişlər etdiyini açıqlayıb: “Həmin pulları ələ keçirib özlərinə malikanələr tikirlər, bahalı maşınlar alırlar. Elçin Mustafayev atasının ”Həzi Aslanov" metrosu yaxınlığında, “Asiman” şadlıq sarayının yanında yerləşən evinin təkcə qapısını 45 min avroya alıb. Bundan başqa, Elçin Mustafayev İmişlidə böyük bir ərazi alıb, orada modern tipli ferma tikmək istəyir. Bizim əziyyətin qarşılığını vermir və belə bir işlər görür. Biz pulumuzu tələb edirik, o da dövlət orqanlarına yalan məlumatlar verir. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinə yalan məlumat vermişdi bizim barəmizdə. Dəvət etdilər, getdim, vəziyyəti izah etdim. Sağ olsunlar, gördülər ki, Elçin Mustafayev yalan məlumat verib, haqlı tərəf bizik, dedilər ki, gedin, haqqınızı tələb edin. Bundan sonra Nəcəf Sadıqov zəng elədi, dedi ki, gəl oturaq hesablama aparıb pulunuzu ödəyək. Getdik metronun Nərimanov stansiyası yaxınlığında oturduq, razılığa gəldik ki, 150 min manat ödəyirlər, məsələ bitir. Gecə saat 1-ə qədər məni orada gözlətdilər, sonra da pulu vermədilər. Ardından Elçin Mustafayev bizi qorxutmaq üçün daha bir oyun qurdu.

Bakı Şəhər Prokurorluğuna çağırdılar. Köməkçi İlqar Məmmədova da baş verənləri anlatdım. Elçin Mustafayev yalandan demişdi ki, guya onu təhdid etməklə pul tələb edirik. Əlimdə olan və 7 diskə zorla sığışan Elçin Mustafayevlə, Nicat Sadıqovla, Fəridlə, Mətinlə aramızdakı səs yazıları, 400 vərəq vatsap yazışmalarını da təqdim etdim. Bundan sonra İlqar Məmmədov da dedi ki, get, haqqını tələb elə. Həmin ərəfədə mən Daxili İşlər Nazirliyinə də müraciət etmişdim. Məsələnin araşdırılması Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tapşırılmışdı. Ora da araşdırma ilə bağlı dəvət olunduq. Nəcəf Sadıqov da gəlmişdi. Məsələni aydınlaşdırdılar, Nəcəf Sadıqov boynuna aldı ki, bizə iş gördürüb pulu ödəməyiblər. Pulun verilməməsini belə izah etdi ki, guya görülən işə görə ölçülər düz hesab edilməyib. Bizim hesabla 192 min manat ödənməli idi. Müstəntiq bizə 4 gün vaxt verdi, gedib ölçmə aparmağımızı tapşırdı. Belə də etdik. Görülən işə görə 180 min manat pul ödənməli olduğu üzə çıxdı. Lakin həmin məbləği bu günə qədər də bizə ödəməyiblər".

Şikayətçi səs yazılarını, vatsap yazışmalarını və digər faktları da redaksiyamıza təqdim edəcəyini deyib.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm