Feb 11

AVROPA SAZİŞİ: Tərəflər hansı məsələlərdə razılaşıb?

“Uzun müddətdir ki, Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş üzərində intensiv iş aparılır”.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov belə deyib. Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb. “Saziş layihəsində razılaşdırılmamış bəzi məsələlər qalıb. Siyasi, təhlükəsizlik məsələləri tam razılaşdırılıb. Ticari-iqtisadi məsələlərə aid olan müddəalar isə dəqiqləşdirilməlidir. Bununla bağlı Azərbaycan hökuməti və Avropa Komissiyası arasında təmaslar davam etdiriləcək”, - deyə X. Xələfov qeyd edib.

Lakin X.Xələfov razılaşdırılmış və müzakirəsi davam etdirilən məsələlərin detallarını açıqlamayıb.

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əsas mübahisəli şərtlərdən biri TANAP və TAP enerji kəmərlərinin təhlükəsizliyi ilə bağlıdır:

 

“Məlum olduğu kimi, Salvininin hakimiyyəti dövründə İtaliya buna mane olurdu. Çünki bəzi dövlətlər Azərbaycanın “Böyük İpək Yolu”nun dəhlizinə çevrilməsini istəmir. Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də hakim status əldə etməsi bəzi dövlətlərin maraqlarına cavab vermir. Sazişlə bağlı problemlərdən biri bununla bağlıdır. Digər tərəfdən, Avropa Azərbaycandan Ümumdünya Ticarət Təşkilatına daxil olmağı tələb edir.

Azərbaycan 1997-ci ildən həmin təşkilatda müşahidəçi statusunda çıxış edir. Amma Ümumdünya Ticarət Təşkilatı Azərbaycanın qarşısında subsidiyaların, dotasiyaların dayandırılması, vergi və rüsumların tamamilə ləğv olunması kimi öhdəliklər götürməyi tələb edir. Bu halda ölkənin iqtisadi təhlükəsizliyi böyük sual altına düşür. Azərbaycanın siyasi təhlükəsizliyi ilə bağlı əsas məsələ ərazi bütövlüyü problemidir. Yəqin ki, Avropa İttifaqı bu məsələdə özünün son sözünü demək istəmir. Belə məsələlərin müzakirə predmeti olması ehtimalı yüksəkdir”.

Bənzər xəbərlər

Gündəm

0.032087087631226