GündəmAug 16

Azərbaycanın müxalifət partiyaları bu xarici təşkilatlarla əməkdaşlıq edir... - Özləri danışır...

Azərbaycanda siyasi ideologiya və yanaşması müxtəlif olan müxalif siyasi partiyalar mövcuddur. Həmin partiyların bir-biri ilə əməkdaşlığı barədə keçən yazılarımızda sorğu etmişdik. Bəs maraqlıdır, müxalif partiyalar ölkə xaricində olan partiyalarla necə, müttəfiqlik edirlər? Əməkdaşlıq edirlərsə, həmin partiyalar hansılardır?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, xaricdə olan partiyalarla intensiv və sıx olaraq əlaqələri yoxdur:

“Xaricdə fəaliyyət göstərən siyasi partiyalar ilə epizodik əlaqələr var, lakin əməkdaşlıq etdiyimiz partiya yoxdur. Gürcüstan Demokrat Partiyası və Türkiyədə bəzi partiylarla əlaqələr olsa da, bütünlükdə iki partiya arasında qarşılıqlı əməkdaşlıq protokolu imzaladığımız hər hansı siyasi qurum yoxdur. Gürcüstan Demokrat Partiyası ilə əlaqələrin olmasına səbəb həmin partiyanın Qafqazdakı separatçı qüvvələrin qarşısını almaq və Qafqazın demokratikləşdirilməsi istəyidir. Bu istiqamətdə bəzi addımlar atılsa da, müsbət nəticə əldə edilməyib. Keçən il biz Gürcüstana səfər edəndə onlar bizimlə əlaqə yaratmaq və əməkdaşlıq etmək istəklərini bildirdilər, amma sonradan təşəbbüs göstərmədilər. Siyasiləşmə baxımından biz Gürcüstan partiyalarından irəlidə olsaq da, nəticə əldə etmə baxımından onlar daha öndədir. Bizdə siyasi mühit azad deyil, siyasi səviyyə yüksəkdir, onlarda əksinə, siyasi mühit azad olsa da, siyasi səviyyə aşağıdır. Siyasi səviyyədə Azərbaycanın daha üstün olduğunu keçən il Gürcüstanda partiyalar özləri bildirmişdilər”.

Müsavat Partiyası İcra Aparatınınn rəhbəri Gülağa Aslanlı: “Müsavat Partiyası ölkə xaricində Avropa Liberal Demokratik İttifaqına daxil olan partiyalarla əlaqə saxlayır. Həmin partiyalarla müttəfiqlik edirik və sayları xeyli çoxdur. Gürcüstanda “Respublikaçılar”, Rusiyada “Yabloko” və bəzi partiyalar müttəfiqlik etdiyimiz siyasi təşkilıatlar içərisindədir”.

“Ümid” partiyasının sədri İqbal Ağazadə deyir ki, rəhbərlik etdiyi qurum xaricdə olan hər hansı siyasi partiya ilə müttəfiqlik anlayışını qəbul etmir:

“Dünyadakı bəzi siyasi partiyalar ilə şəxsi münasibətlər mövcuddur. Türkiyədə bir neçə partiya ilə - xüsusilə CHP-dən Kamal Kılıçdaroğlu ilə şəxsi münasibətlər var. Almaniyada “Yaşıllar”, Amerikada “Respublikaçılar” , “Demokratlar” partiyasına üzv olan xeyli sayda insanla ünsiyyətimiz var. Partiyaların əməkdaşlığını vaxtı ilə Milli Demokratiya İnistutu təmin edirdi. Hesab edirəm ki, həmin dövrdəki partiyalararası əlaqələr indikindən fərqlidir. İndi dövlətlərdə problemə münasibət və hakimiyyətə gəlmə mexanizmi tamamilə fərqli şəkildədir”.

Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyir ki, AMİP Azərbaycanda beynəlxalq əlaqələri olan ən güclü partiyadır:

“Dünyanın 70-ə yaxın ölkəsi, 80-dən çox partiyasını birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüyük. İsveçin indi hakimiyyətdə olan “Moderator” partiyası ilə çox sıx əlaqələr saxlayırıq. Həmin partiya ilə birgə olaraq beynəlxalq tədbirlər də demək olar ki, hər il keçirilir”. 

Bənzər xəbərlər

Gündəm